Pərvanə İbrahimova BDU-nun mətbuat katibi vəzifəsindən getdi

Pərvanə İbrahimova BDU-nun mətbuat katibi vəzifəsindən getdi
  • 13-02-2020, 00:00
  • 6 dəfə oxunub
Reklam

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova vəzifəsindən ayrılıb.

"İqtisad.Org" xəbər verir ki, o, bunu "Facebook" səhifəsində bildirib.

P.İbrahimova yazıb: "Taleyim Bakı Dövlət Universiteti ilə bağlananda 17 yaşım var idi. 26 ildir tələbə adını qazanıb Bakıya gəldiyim gündən hər səhər bu əzəmətli Universitetin darvazalarından keçmək şərəfini yaşamışam. 1994-1998-ci illərdə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər (ixtisas beynəlxalq jurnalistika) fakültəsində bakalavr, 1998-2000-ci illərdə magistratura pilləsi üzrə təhsil almışam. 2000-ci ildə Mətbuat-informasiya şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilmişəm. Bu doğma Universitetdə doktorantura pilləsini bitirmiş, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent olmuş, pedaqoji fəaliyyətə cəlb edilmişəm. Bir 10 il (2000-2010) də Mətbuat-informasiya şöbəsində mütəxəssis, bir 10 il isə (2010-2020) şöbənin müdiri işləmişəm. Hər ikimiz 20 illiyimizdə fəaliyyətimizə son veririk. O, yeni adla, mən də pedaqoji fəaliyyətlə yola davam deyirik!

20 illik Mətbuat-informasiya şöbəsi, təbii ki, mənə çox şey qazandırdı. BDU kimi möhtəşəm bir Universitetin gözəl professor-müəllim heyətini, tələbələrini, şöbəmin su kimi saf kollektivini, dəyərli media rəhbərlərini, əziz jurnalist həmkarlarımı! Bu illər ərzində vəzifənin verdiyi şərəfdən daha çox onun məsuliyyətini dərk etdim. Məni tanıyanlar, fəaliyyətimizlə yaxından-uzaqdan tanış olanlar bilirlər ki, bu şöbə üçün iş saatının bitməsi yox, işin bitməsi önəmli oldu! Bir gün olsun belə işdən yayınmadım, verilən tapşırıqlara vicdan və şərəflə yanaşdım, hətta 20 ilin məzuniyyətlər dönəmində də işlərin çoxluğu səbəbindən əsasən iş başında oldum.

Amma nə baş verdi? Baş verən o oldu ki, 20 ilin tamamında gedəsi oldum! Ötən bu illər ərzində Universitetin əsas saytı daxil olmaqla, fakültə, struktur və şöbələrin saytına nəzarət, bəzən gündəlik tədbirlərdə iştirak, xəbərlərin hazırlanması, yayımı və arxivləşdirilməsi, sosial media üzərindən PR işi, sorğulara cavab və Universitetin yubileyləri ilə bağlı olan 13 kitabın hazırlanması işində bəzən gecəyarıyadək iştirak və s. və i!

Pərvanə İbrahimova
Boşuna getmədi. Dəfələrlə Universitet rəhbərliyi tərəfindən qiymətləndirildim, əziz jurnalist həmkarlarımdan daim dəstək gördüm, müxtəlif kütləvi informasiya vasitələrinin, jurnalist təşkilatlarının, "Azərbaycan Universitetləri" facebook səhifəsinin keçirdiyi sorğularda bir neçə dəfə qalib oldum! “İlin ən fəal mətbuat katibi”, “İlin ən fəal şöbə müdiri” adına layiq görüldüm. Təhsil Nazirliyi, Mətbuat Şurası, Bakı Dövlət Universitetinin Diplom və Fəxri Fərmanları ilə təltif edildim, 100 illik yubileyimiz münasibətilə yubiley medalına layiq görüldüm.

Ən böyük mükafatım cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərimə görə layiq görüldüyüm “Tərəqqi" medalım oldu.

Bəli, 20 ili az müddət deyil. 20 il eyni işdə işləyib bezməmək, yaxud hər gün daha həvəs və sevgi ilə işləmək asan iş deyil! Bu illər ərzində təbii ki, yaşananlar, yaşadıqlarım, acıli-şirinli, kövrək, qürur dolu xatirələrimi zaman-zaman qələmə alacam.

Qazandığım uğurlara görə borclu olduğum insanlar çoxdur və onlara bir ömür minnətdarlıq borcum var!

Xüsusi minnətdarlığım isə hörmətli jurnalist həmkarlarımadı! Əziz qələm dostlarım bu illər ərzində daim yanımızda oldular, hər zaman informasiya dəstəyi verdilər. Birmənalı olaraq, şöbəmizin və mənim uğurlarımın açarı oldular!

Mən də onların yanında olmağa çalışdım. Buna nə dərəcədə nail oldum, bilmirəm. Hər birinizə təşəkkür edirəm, əziz jurnalist dostlar! Dəyərlisiniz!

Dəyərli olan həm də şöbəmizin kollektividi. Hər biri istənilən boşluğu dolduracaq qədər bacarıqlı və səriştəlidi! Fatimə, Nərminə, Məryəm, Xəyalə, Elnarə, Elnur və Lətif müəllim sizlərlə işləmək xoş idi…".

Qeyd edək ki, P.İbrahimova BDU ilə mətbuat arasında əlaqələrin qurulmasında mühüm rol oynayırdı.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: