Zaman Novruzov : İşıqlı əməllər sahibi Mehriban Əliyeva

Zaman Novruzov : İşıqlı əməllər sahibi Mehriban Əliyeva
  • 26-08-2020, 00:54
  • 972 dəfə oxunub
Reklam

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Zaman Novruzov : Bu dünyada insana yaşamağı haqq edən Böyük Yaradan hər kəsin yolunun üstünə sınaqlardan keçmək üçün çətinliklər çıxarır. Çiyninə ömür boyu daşımalı olacağı bir yük qoyur. İnsan ağlına, təfəkkürünə və gücünə görə həyatı boyu bu yükü bir məqsəd, amal yolunda çəkməli olur. Tanrının taleyinə bəxş etdiyi bu yükü (missiyanı) qisməti kimi qəbul edən insan da ömrünə bəxş olunmuş yaşam haqqına “xoş gəldin” deyib, üzünə açılan dünyanın qapısından keçərək həyatını yaşamağa başlayır. Yıxıla-büdrəyə addımlarını bərkidib arzularına doğru yol alır... Güclü xarakterə, bütöv əqidəyə malik olan, xeyirxah, nəcib və humanist insan bu dünyaya gəlişinin ictimai mənasını dərk edincə, ona verilən tutiya ömrün qədrini bilir, onu daha mənalı və geniş anlamda yaşamağa qərar verir. O zaman insan kiçik ailə cəmiyyətindən başlamış, ölkə həyatında faydalı işlər görmək missiyasını daşımalı olduğunun da fərqinə varır. İctimai mövqeyinə, zəkasına və gücünə görə çalışmağı, faydalı işlər görməyi özünə borc bilir. Şübhəsiz, bunlar vətən və xalq qarşısında vətəndaşlıq məsuliyyətini dərk edən, insansevərlik duyğularının coşub-daşdığı qəlb sahiblərində özünü daha böyük anlamda büruzə verir.

Zaman Novruzov : İşıqlı əməllər sahibi Mehriban Əliyeva


Uzun illər apardığım müşahidələrimə görə bu yükü, məqsəd və amalı intəhasız bir sevgi, istəklə daşıyan, vətəninə, xalqına can-başla xidmət edən şəxsiyyətlərdən öndə olanı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Mehriban xanım genişəhatəli fəaliyyətini qəlbinin səsi, ürəyinin saflığı, təfəkkürünün işığı, istiqanlılığı, nəcibliyi, xeyirxahlığı ilə həyata keçirir. Bunlar onun həyat yolunu aydınladan ümdə keyfiyyətləri sırasındadır. Bütün mərhələlərdə görülən işləri böyük həssaslıqla, ən kiçik detallarına, incəliklərinə qədər izləməsi, proseslərin içərisində olması da onun özəlliklərə qadir olduğunun aydın göstəricisidir. Onun genişəhatəli fəaliyyəti tarixdə yaşamış nəcib, fədakar qadınlarımızın ibrətamiz həyatının, missiyasının yeni anlamda davam etdirilməsidir.

Düşünürəm ki, Mehriban Əliyevanın genişəhatəli fəaliyyətindən necə bir ürəklə bəhs etsək də, vətən və xalq üçün gördüyü işləri - layihələri, proqramları bir məqalədə nə saymaqla, nə də yazmaqla başa çatdırmaq mümkün deyil. Biz sadəcə, xalqın xidmətində dayanaraq ona böyük məsuliyyət və sevgi ilə, onun rifah halının yaxşılaşmasına dəstək olan, köməyə, dada çatan bir şəxsin, böyük ürək sahibinin uğurlarından riqqətə gələrək haqqında söz deməyə ruhlanırıq. Əslində bu cəsarət milli dəyərlərə yeni ənənələr qazandıran, xalqa xidmət edən şəxsiyyətə sonsuz sayğılarımızı bildirmək istəyimizdən irəli gəlir. Xalq el üçün yanan, millətin balalarından yana, vətənin sabahı naminə çalışanları, həyatda izini qoyanları sevir, ona ehtiramını bildirir.

Mehriban Əliyeva böyük mənada xalqın elçisidir. Təbii ki, onun işıqlı əməllərindən əxz etdiyimiz ibrətamizliyi, mənəvi keyfiyyətləri formalaşdıran amillər var və bunlar yeniyetmə çağlarından xarakterində zaman-zaman formalaşaraq onun həqiqi obrazına bir mükəmməllik gətirmişdir. Bu, əsillikdir. Əsillik də, nəcabət də ailədən - kökdən, nəsildən gəlir. Yüksək mədəniyyətin, ziyalılığın, kübarlığın mayası gendən, damarlarda axan qandan yaranır. Bu doğallıq Azərbaycanın bir inci xanımı Mehriban Əliyevanın timsalında, ailədə ağıllı qadın və həyat yoldaşı, məsləkdaş, ana kimi, ölkənin birinci xanımının şəxsiyyətində böyük məna kəsb edir. Ana adına, haqqına sahib olaraq ailə-cəmiyyət üçün layiqli övladlar tərbiyə edib yetişdirmək qadın üçün böyük şərəfdir. Mənsub olduğun xalqın mənəvi anası, dayağı, ümid yeri olmaq daha məsuliyyətli, həm də şərəflidir. Necə böyük ürəyə sahib olasan ki, Tanrının sənə həvalə etdiyi bu missiyanı yorulmadan, məhəbbətlə, mərdanə daşıya biləsən, üstəlik bu imkandan yararlanaraq vətən və xalq üçün çalışmaların yeni yollarını arayasan...

Birinci xanım statusunu daşımaq haqqını tale özü müəyyən edir. Lakin bu nəcib, şərəfli adı həqiqi mənada, mənəvi-əxlaqi dəyərlərin ucalığında qazana bilmək haqqı, əlbəttə, onun milli ruha, ideologiyaya, azərbaycançılıq məfkurəsinə bağlı olması ilə xarakterizə olunur. O, “birinci xanım” statusunda ilkindi, əvəzsizdi, bənzərsizdi. Burda Mehriban xanımın bu şərəfli ada münasibətini bildirdiyi açıqlamasındakı bir fikrini xatırlamaya bilmirəm: “Mən birinci xanım olmağımı, ilk növbədə insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm”...


Zaman Novruzov : İşıqlı əməllər sahibi Mehriban Əliyeva


Onun ictimai fəaliyyətə qoşulduğu zaman Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin təşəbbüsü ilə yaradılan və müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən onun üzvü olaraq vətənin çiçəklənməsi, xalqın milli təfəkkürünün yenilənməsi, insanların yeni güc, qüvvə ilə təkmilləşməsi, müasir cəmiyyət qurulması prosesinin fəal iştirakçısına çevrildi. Bu gənc, vətən sevdalı xanım ölkədə gedən yeni təkamül prosesinin çətinliklərindən qorxmadan, fədakarlıqla ictimai-mədəni mübarizələrə qoşularaq, çox keçmədən onun mərkəzində oldu. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda xalqı qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun tarixi, mübarizliyi, qüdrəti ilə yanaşı, mədəniyyəti, milli-mənəvi dəyərləridir.

Mehriban Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi çətin vəzifələrin məsuliyyətini öhdəsinə alaraq bütün işlərin ibtidasından başlayıb yorulmadan, səylə çalışdı. Unudulmuş, yaddan çıxmış sahələri köhnəlikdən, passivlikdən çıxararaq onlara yeni ictimai məzmun verən qlobal işlər gördü. Ölkəyə misilsiz nailiyyətlər qazandırdı. Mehriban xanım Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanıtmaqdan, təbliğ etməkdən ötrü həm də “İrs” jurnalını təsis etməklə bu sahədə görüləsi işlərə yeni və maraqlı aspektdən də diqqət yetirdi. Bütün çalışmaların mahiyyətində nüfuzlu ictimai xadim olan Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəhrələnməklə bugünkü inkişafına təkan vermək amalı dayanırdı. Və tale onun çiyninə daha məsuliyyətli, ağır bir yük qoydu. 2004-cü il mayın 10-da, ulu öndər Heydər Əliyevin doğum günündə təsis olunmuş Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətə başladı. Fondun qarşıya qoyduğu məqsədlərlə tanış olanda birinci xanımın fəaliyyətinin əhatəsi insanı heyrətləndirir. Bu məqsəd “...milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir”.


Zaman Novruzov : İşıqlı əməllər sahibi Mehriban Əliyeva


Tarixi şəxsiyyətə, xalq adamına bəslənilən münasibət elədir ki, onlar xalqın yaddaşında həmişə yaşayır. Birinci xanımın işıqlı əməllərindən cilalanmış obrazını səciyyələndirərkən duyduğum özəlliklər, təsvir etdiyim xarakterik cizgilər məsuliyyətli yanaşmadan yarandığından qənaətim sabitdir. Belə ki, onun obrazına rövnəq verən düşüncələrim bu gün də öz dəyərini saxlayır, bu səbəbdən də birinci xanımın portretinə yeni ştrixlər əlavə edəndə, yeri gəldikcə, əzəli fikirlərimi də xatırlayacağam.

Mehriban xanımın ölkədə gedən ictimai-mədəni mübarizələrə qoşulduğu gənclik çağlarından Azərbaycan xalqına, onun mədəniyyətinə xidmət etmək istəyi qəlbində dumduru axan bulaq təki çağlayırdı. Düşünmək, çalışmaq, yollar axtarmaq gərəkdi. Bu imkan yarananda o, işlərin və vəzifələrin həcmindən qorxmadan, yorulmadan fəaliyyətə başladı. Sonra bu fəaliyyət istiqamətləri həyatımızın böyük sahələrinə vüsətli şəkildə sirayət etdi. Xalqın mənafeyi yolunda yeni işlər görüldü, böyük təcrübə qazanıldı, uğurlar, irəliləyişlər, təkanlar, dəstəklər yarandı. Bu qədər irimiqyaslı işləri əhatə edən ictimai fəaliyyət ona bir qadın, ana kimi bağlandığı ailəsi qədər doğmalaşdı, şəxsi taleyinə çevirdi. Doğulduğu, gözəl tərbiyə aldığı ailədən əxz etdiyi azərbaycançılıq ənənələrini sonradan şəxsi həyatına başladığı ailədə daha geniş anlamda dərk etdi, təkmilləşdirdi.

Milli-mənəvi dəyərlərimizi ləyaqətlə yaşatmasında Mehriban xanıma Heydər Əliyev məktəbinin böyük təsiri oldu. Bu məktəb onun azərbaycançılıq məfkurəsinin formalaşmasına, alicənab, humanist bir azərbaycanlı xarakterinin dolğunlaşmasına öz təsirini göstərdi. Belə nəcib və mübariz keyfiyyətlərə malik olduğundan yaranmış imkanlarını dövlətçiliyin möhkəmlənməsinə, vətənçilik əxlaqının yeni dəyərlərlə inkişafına səfərbər etdi. Və ən böyük məqsədi də Heydər Əliyev irsinin bir məktəb kimi yeni nəslə öyrədilməsi, təbliğ olunması idi. Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva onun ideallarına sadiq qalaraq, milli-mənəvi dəyərlərimizi həyat tərzində, əxlaqında və düşüncəsində yaşadaraq ulu öndərin yolunu ləyaqətlə davam etdirir. Bu, xalqın gələcəyini möhkəm özüllər üstə qurmağa, onu inkişaf etdirməyə aparan ən işıqlı yoldur. Bu, ulu öndərin apardığı yaradıcılıq və quruculuq işlərinin davamı olaraq vətən və xalq naminə fəaliyyət göstərməyin yoludur. Bir xalq olaraq hər birimizin də vətəndaşlıq borcu bu ənənələri yaşatmaq, onu yeni dəyərlərlə zənginləşdirməkdən ibarətdir. Sabahın yaradıcıları olan gəncləri bu ruhda tərbiyə etmək də, göründüyü kimi, Mehriban Əliyevanın fəaliyyətinin əsas amillərindəndir. O, yalnız ölkə başçısının xanımı kimi deyil, milli ruha bağlı olan, xalqını sevən, onun firavan yaşaması, problemlərinin həll olunmasında yorulmadan çalışan, böyük xidmətlər göstərən bir azərbaycanlı xanım kimi gördüyü işləri özünün mənəvi borcu, ümdə vəzifəsi hesab edir.

Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu, yenilikçi düşüncəsi ilə böyük maraq doğurur. Bu, fitri istedad sahibinin milli-bəşəri ideallara sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir. Ağlına, zəkasına görə də onu başqa dövlətlərdə də tanıyır və hörmət edirlər. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə tükənmir, o, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini, dünya cəmiyyətində böyük fədakarlıqla, həm də uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Unutmayaq ki, bütün bunlar əfsanəvi bir qəhrəman tərəfindən deyil, zərif, incə təbiətli, həm də güclü, aydın təfəkkürə, təxəyyülə malik olan qadının - ölkənin birinci xanımı Mehriban Əliyevanın bilavasitə fəaliyyəti sayəsində həyata keçirilir.

“Bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpası”, dünyada doğmaların qayğısından, himayəsindən məhrum olan uşaqlara mərhəmət göstərmək çağırışı ilə əməli işlər görmək vəzifələri də Mehriban xanımın genişəhatəli fəaliyyəti sırasındadır. Bu yerdə beynəlxalq tədbirlərin birində bununla bağlı etdiyi çıxışında belə bir fikri diqqətimi cəlb etdi: “Milyonlarla uşaq mütləq dilənçilik şəraitində yaşayır, xroniki olaraq doyunca qidalanmır, böyüməkdə və inkişafda geri qalır. Bu uşaqların təhsil almaq imkanı, təhsillərinin səviyyəsi son dərəcə aşağıdır. Bu gün həmin uşaqlar bizim köməyimizə möhtacdır. Onları aclıqdan, xəstəliklərdən, müharibələrdən və münaqişələrdən, böyüklərin laqeydliyindən qorumaq lazımdır”. Birinci xanımın ürək ağrısı, qəlb çırpıntısı ilə dediyi bu sözlərdən kövrəlməmək, köməksiz, günahsız körpələrə bəslədiyi rəğbəti duymamaq mümkün deyil.

Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanım ora nəzər yetirməsin, qayğısını göstərməsin. Xalqın sosial-mədəni həyatının inkişafında onun xidmətləri misilsizdir. Gələcəyin sahibi olan balalarımızı yetişdirmək, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq, gəncliyə yol açmaq, onları vətənpərvər ruhda tərbiyə etmək... Budur Mehriban xanımın istəyi. Onun nurlu çöhrəsindən sezilən mehribanlığı, alicənablığı, həssaslığı, nəcibliyi, yəqin ki, onunla ünsiyyətdə olan, rəhbərliyi altında çalışan insanların böyük xoşbəxtliyidir. Vaxtilə ailə həyatı quranda ilk baxışdan bu incəlikləri görən, duyan həyat yoldaşı İlham Əliyevin də qəlbində həzin, ülvi duyğular yaradan da, yəqin ki, bu keyfiyyətlər olmuşdur. Qadına zinət verən bu xüsusiyyətlər ailədə birliyin, bağlılığın və mədəniyyətin başlıca meyarıdır.

Ailə dəyərlərindən söz düşəndə Mehriban xanım müsahibələrində çox vacib olan elementlərə diqqət yönəldir: “Əgər ailədə hər kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir...” Milli Məclisin deputatı Mehriban Əliyeva 2007-ci il mayın 8-də özünün hazırladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin müzakirəsində çıxış edərkən demişdir: “Səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”. Xalqın elçisi bu fikirləri ilə siyasi humanizmin ən həssas, insanı duyğulandıran, özünəinam yaradan ali nümunəsini ortaya qoymuş oldu.

Mehriban Əliyeva insanlığa xas olan bir çox mənəvi keyfiyyətlərlə zəngin olan yeni ənənələrin təməlçisidir. Onun xeyirxahlığı vətənin sərhədlərini aşdı. Ürəyinin işığından başqa xalqlara da bəxş etdi. Xeyriyyəçiliyin, insanın insana təkcə maddi yox, həm də mənəvi bağlılığının, birliyinin parlaq nümunələrini göstərdi. O, dünyaya məhəbbətlə qucaq açıb, bütün xalqları bir evin sakini, dərddaşı, ruhdaşı kimi qəbul etdiyini çıxışlarında böyük sevgi ilə səsləndirdi. Bax, bu da onun dünya adlı böyük vətəndə tanınmasına, sevilməsinə, adının ehtiramla çəkilməsinə səbəb oldu.

Mehriban xanımın genişhəcmli ictimai fəaliyyəti bütün aydınlığı ilə göstərdi ki, o, təkcə öz ailəsinə deyil, həm də xalqına məxsusdur. Həyatının bir məqamında taleyini xalqın həyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolunda çalışmağa yönəltdi. Xalqa bunca ürəkdən xidmət etməsi milli ruha, azərbaycançılıq ənənələrinə bağlılığın başlıca amilidir. Çıxışlarına diqqət etdikcə, onu da duymuşam ki, çəkdiyi əziyyətlər öz bəhrəsini verəndə o, qəlbi rahatlıq tapmış kimi bəxtiyar görünür.

Düşünürəm ki, Mehriban Əliyeva tarixdə qalacaq bir bədii obrazdır. Və bu obraz olduqca güclü xarakterə malikdir. Burda maraqlı cəhətlərdən ümdəsi odur ki, o, düşüncə-xəyallardan deyil, həyatın özünün doğurduğu, zamanın yetişdirdiyi obrazdır. Onun xeyirxahlıq mücəssəməsi olan portretində parlaq cizgilər yetərincədir. Tarixdə iz qoyan ağıllı, müdrik, xeyirxah, tədbirli və diplomat qadınlarımızın obrazı istər xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatda yarananda çox zaman müəlliflər təxəyyüldən gələn obrazı sevdirməkdən ötrü uydurma təsvirlərdən, əlavə boyalardan istifadə edirlər. Zənnimizcə, Mehriban Əliyevanın obrazını bədii ədəbiyyata gətirmək istəyən sənətkar onun portretini yaratmaqda çətinlik çəkməz. Çünki onu ilahiləşdirməyə, obraza təxəyyüldən gələn rənglər, təsvirlər əlavə etməyə ehtiyac yoxdur. Mehriban xanımın obrazı həyatdan gələn təbii obrazdır. Vətənpərvər, maarifpərvər ziyalı, milli düşüncəyə, azərbaycançılıq məfkurəsinə sahib olan, qəlbində vətən, xalq sevgisi çağlayan və bu yolda ömür əridən tarixi şəxsiyyətdir. Bütün səylərini ortaya qoyan, gördüyü işləri zərgər incəliyi ilə aparan və bunların müqabilində xalqın gözündə ləyaqətli vətəndaş, xeyirxah hami, dost, həssas, qayğıkeş ana kimi sevilən bir Azərbaycan vətəndaşıdır.

Mehriban Əliyeva bu illərdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Birinci xanımın, Azərbaycanın füsunkar Ledisinin beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar, təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. Amma onların içərisində bir mükafatın adını çəkməyi, xatırlatmağı vacib sayıram. Bu, Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının uğurla, böyük qələbə ilə başa çatmasında əsl fədakarlıq nümayiş etdirən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması idi. Zənnimizcə, bu mükafat ona daha çox sevinc hissi yaşatdı, onu çox duyğulandırdı. Mükafatın təqdimolunma mərasimindəki çıxışı iki il yarımda çəkdiyi əziyyətləri, keçirdiyi narahatlığı, duyduğu məsuliyyətdən doğan fərəh hissini bütünlükdə ifadə edirdi. Bu mükafat da onun halal haqqı idi.

Məlumdur ki, hər bir zərif qadının arxasında güclü, qüdrətli bir kişi dayanmalıdır. Amma güclü, qüdrətli kişinin də yanında ağıllı, müdrik, nəcib, xeyirxah bir qadının olması bu birliyə bütövlük gətirir. Böyük missiya daşıyan tərəflər üçün bu tamlığın olması xüsusilə zəruridir. Bu mənada ölkənin və xalqın taleyi Prezident İlham Əliyev və onun füsunkar xanımı Mehriban Əliyevanın güclü, qətiyyətli fəaliyyətinə bağlıdır. Bu gücə dayaq olan da məhz xalqdır. Xalqla hakimiyyətin birliyi Azərbaycanın gələcəyinin qarantıdır.

Mehriban Əliyevanın işgüzar həyatı sanki baharda səhərçağı yaz yağışından sonra doğan günəşin şəfəqlərində özünün fəlsəfi rəmzləri ilə nəzərləri çəkən bir mənzərəni xatırladır. Bu mənzərəyə - müdrikanə ömür yoluna nəzər salmaq, xeyirxah əməllərin saldığı naxışları görmək olduqca xoşdur.

Mehriban Əliyeva bütün hallarda - xoş məqamlarda, çətin və mürəkkəb situasiyalarda belə dəyişməzdir: dəyanətli, güclü, qətiyyətli və bütövdür. Hər zaman və hər yerdə özüdür. Ən ümdəsi də olduğu kimi görünən bir inci timsalında Birinci xanımdır...

Doğum gününüz mübarək olsun, fədakar qadın! Tanrı Sizi və ailənizi qorusun!



Zaman Novruzov : İşıqlı əməllər sahibi Mehriban Əliyeva

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Zaman Novruzov

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri: