Azərbaycan iqtisadiyyatı koronavirusa görə nə qədər itki verib?

Azərbaycan iqtisadiyyatı koronavirusa görə nə qədər itki verib?
  • 9-09-2020, 01:09
  • 134 dəfə oxunub
Reklam

Azərbaycan 6 aydan çoxdur ki, koronavirus pandemiyasının yaratdığı yeni iqtisadi şəraitdədir. Karantin rejimi ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər bir-bir aradan qaldırıldıqca postpandemiya dövrünə qədəm qoyacağımızla bağlı ümidlər artır.

İtkilərimiz hələ azdır - aprel, may və iyun aylarındakı şəraitdə hazırkı dövrdə vəziyyətimizin daha pis olacağı gözləntisi vardı. Ona görə ki, həmin aylarda həm ölkə iqtisadiyyatı, həm də vətəndaşların sağlamlıq və sosial şəraiti çox kəskin ikitərəfli təzyiq və təhlükə altında idi.

Düzdür, Azərbaycan dövlətinin və hökumətinin yaranmış vəziyyətlə əlaqədar çox çevik reaksiya göstərməsi, ümumiyyətlə, əhalinin sağlamlığının qayğısına qalmaq, iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən, həmçinin maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulması və baş verə biləcək xaos və misilsiz tənəzzüldən sığortalamaq məqsədilə atdığı addımlar olduqca əhəmiyyətli oldu. Və məhz bunun nəticəsində həmin təzyiq və təhlükə də real olaraq hiss edilmədi.

Ancaq bəzi cəhətlər "üzümüzə gülməsəydi", dövlətin və hökumətin təcili surətdə yaratdığı və qurduğu sözügedən bu müdafiə istehkamı çox da tab gətirməyə bilərdi.

Yəni söhbət indiyə qədər olan müddətdən gedir.

Məsələn, götürək birincisi, elə dünya bazarlarında neftin qiymətini... Dünya bazarlarında neftin qiyməti əgər sabitləşməsə idi, indi vəziyyət başqa cür olacaqdı. Məlum olduğu kimi aprelin əvvəlində 20 ABŞ dollarınadək enən qiymətlər OPEC+ ölkələrinin bir araya gələrək müvafiq qərar qəbul etmələrindən sonra əvvəl 30, daha sonra isə 40 ABŞ dollarının yuxarısına qalxdı. Düzdür, başqa amillər də bunda rol oynadı.

Digər cəhət isə ondan ibarət oldu ki, ölkəmiz bundan əvvəlki böhranlı vəziyyətlərdən fərqli olaraq bu dəfə daha güclü müqavimətə sahib idi. Başqa sözlə, qalxanımız qalın idi. Bunda həm 2014-2016-cı illərdə qazanılmış təcrübə, həm ötən müddət ərzində iqtisadiyyatdakı uğurlar, həm də xüsusən 2 il bundan öncə, yəni 2018-ci ilin ikinci yarısından etibarən başlanılan islahatlar mühüm əhəmiyyət daşıdı.

Ona görə də iqtisadiyyata və sosial rifaha təxirəsalınmaz dəstək tədbirlərinin görülməsi üçün ümumi dəyəri 3,5 milyard manat, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat, yəni 2 milyard ABŞ dollarından ibarət olan xüsusi Fəaliyyət Planı təsdiq edildi. Məşğulluq və sosial rifahı dəstəkləmək üçün 4 istiqamət üzrə 12 tədbir reallaşdırılmaqla, əhalinin 48%-i - 4,8 milyon nəfər əhatə dairəsinə alındı. Eyni zamanda işsiz və gəlirini itirmiş aztəminatlılardan ibarət 600 min şəxsə yaşayış minimumu qədər birdəfəlik ödənişlər həyata keçirilmək mümkün oldu.

Ən azından insanların evdə qala bilməsi üçün əvvəlcə 1 milyard manat məbləğində sosial-iqtisadi paket nəzərdə tutulmuşdusa, sonra bu rəqəm 2,5 milyard manat təşkil etməklə və ilkin olaraq həyata keçirilən addımlardan sonra vəsaitin həcmi 3-3,5 milyard manatı ötməklə dövlət, xərclərə görə narahat olmadığını nümayiş etdirdi və vətəndaşlarından heç nə əsirgəmədi.

Ancaq itkilərimiz heç də yox səviyyədə deyil. Və kifayət qədər ciddidir. Bu il dünya bazarında neft qiymətlərindəki azalma Azərbaycan üçün əlverişsiz səviyyədə oldu. Üstəlik, dövlətin gəlirləri azalsa da, xərclər də stabil qalmadı ki, ən neqativ cəhət də məhz bundan ibarət oldu. Yəni xərclər artdı. Belə ki, Dövlət Neft Fondunun, o cümlədən dövlət büdcəsinin gəlirləri azalsa da, məsrəflər genişləndi. Qeyd etdiyim kimi karantinlə əlaqədar əhalinin və biznesin müdafiəsi üçün milyardlarla manat məbləğində vəsait ayrıldı və xərcləndi.

İndi ilin 9-cu ayındayıq. Vəziyyəti ətraflı şəkildə dəyərləndirmək lazımdır. Bu ilin nəticələrini ötən illə müqayisə etmək düzgün deyil. İndi ölkəmizin mövcud sosial-iqtisadi durumunu xarici ölkələrlə müqayisə etmək daha məqsədəuyğundur. Belə ki, əksər ölkələrdə iqtisadi tənəzzül ikirəqəmli səviyyədə olsa da, bizdə 2,7 faizdir, 150-dən çox ölkə beynəlxalq maliyyə qurumlarından yardım istəsələr də, ölkəmiz hələ ki bundan ötrü ağız açmayıb və sair...

Bununla belə, narahatlıq üçün əsas var, ən azı o səbəbdən ki, növbəti illərlə bağlı ortada proqnozlar var. Halbuki nəyinki Azərbaycan iqtisadiyyatı ilə əlaqədar, o cümlədən qlobal iqtisadiyyatı ilə də bağlı vəziyyət qeyri-müəyyəndir. Başqa sözlə desəm, dünya iqtisadiyyatında vəziyyətin necə dəyişəcəyi ilə bağlı fikir irəli sürmək mümkün deyil. Odur ki, hesab edirəm, əvvəl itkilərimizi hesablamalıyıq, bundan sonrakı dövr üçün isə imkanlarımızı götür-qoy etməliyik.

Dövlətin sosial müdafiə və iqtisadiyyatı canlandırmaq üçün həyata keçirdiyi tədbirlərdə bundan sonra bacardıqca heç bir şəkildə neft gəlirlərindən deyil, vergi və rüsumlardan formalaşan vəsaitlərdən istifadə olunmalıdır. Düzdür, bu, hökumət tərəfindən çoxdan prioritet seçilib. Neft Fondu ölkə iqtisadiyyatında təkcə sosial xərclərin maliyyələşdirilməsi üçün deyil, makroiqtisadi sabitliyin saxlanılması üçün təhlükəsizlik yastığıdır.

Bəllidir ki, avqust ayında dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, adı çəkilən Fonddan dövlət büdcəsinə transfertin həcmi 850 milyon manat artırıldı. Bu, önəmli xərcdir. Çünki ilin sonuna qədər valyuta bazarında əlavə ABŞ dolları tələbi yarana bilər ki, 850 milyon manat qarşılığındakı ABŞ dollarının satışı ilin sonuna kimi milli valyutanı da hazırkı vəziyyətdə saxlamağa dolayısı ilə kömək edəcək.

Ancaq növbəti ildə manatın məzənnəsi ilə bağlı hər hansı təhlükə yaranarsa, bu kimi vasitələr effektiv xarakter daşımayacaq.

Sözün qısası, Azərbaycan sanki pandemiya ilə postpandemiya dövrü arasında keçid mərhələni yaşayır. Dövlətimiz milyardlarla manat vəsait itkilərə yol verməsinə baxmayaraq, möhkəm makroiqtisadi dayanıqlığa sahibdir. Şəxsi subyektiv hesablamam odur ki, ölkə iqtisadiyyatının cari ildə koronavirusla bağlı itkisi ən azı ÜDM-in proqnozlaşdırılan artım səviyyəsi qədər hesablanmalıdır.

Belə ki, bu il ən azı artım olmayacaq.

Gələn il Dövlət Neft Fondundan nəzərdə tutulandan artıq vəsait transfert edilməsə, cari ildə hələlik yol verdiyimiz və ilin qalan dövrü ərzində də yol verəcəyimiz gözlənilən itkilər hər halda arxada qalmış hesab olunacaq.

Bu artıq həm də postpandemiya dövrü sayılır...

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcəkƏhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun tikintisi davam edirQarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldüAlimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıbAzərbaycanda erməni terrorçu barədə qiyabi həbs qətimkan tədbiri seçildiAlmaniyada hidrogen qatarının sınaqları keçiriləcəkAzərbaycan tibbi maska ixracına hazırlaşırErmənistan yolayrıcında: Yeni baş nazir kim olsun?Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri qayıdıbPutindən Qarabağla bağlı yeni açıqlamaISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edibDini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat veriblərErmənistanda daha bir nazir istefaya göndərilirŞəhid polkovnik dəfn olunubPrezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdiSaatlıda koronavirus xəstəsinə cinayət işi başlanıldıMilli Məclisin daha bir deputatı koronavirusa yoluxubŞuşa şəhərinin havadan görüntüsüİşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıbAzıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilibEvdən qanunsuz çıxan COVID-19 xəstəsi: "Evdə ürəyim sıxılırdı"