Somalidə terror aktı zamanı generallar da daxil olmaqla 35 nəfər həlak olub

Somalinin mərkəzi hissəsindəki Qalkayo şəhərinin stadionunda törədilmiş partlayış nəticəsində azı 35 nəfər, o cümlədən yüksək və ali rütbəli hərbçilər həlak olub.
Bu barədə “Baidoa” portalı bildirib.
Yerli “Shabelle” radiostansiyası dəqiqləşdirib ki, həlak olanlar arasında "Danab" xüsusi təyinatlı dəstəsinin elit briqadası bölməsinin komandiri, general Muxtar Abdi Aden, onun müavini, general Marşo və Qalkayonun keçmiş meri Mohamud Yasin Əhməd Tumay da var.
Bundan başqa “Radio Muqdisho” radiostansiyaları həlak olanlar arasında digər yüksək rütbəli zabitlərin olduğunu əlavə edib.
Hadisə ölkənin baş naziri Məhəmməd Hüseyn Roblenin ictimaiyyətə müraciət etmək üçün stadiona gəlməsindən bir neçə dəqiqə əvvəl olub.
İlkin məlumatlara görə, partlayışı kamikadze törədib. Hadisə yeri Somalinin təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.