Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR

Elnur Məmmədli:
  • 2-05-2021, 14:12
  • 9 dəfə oxunub
Reklam

"Azad müəllim 2006-cı ildə cənab prezidentimizin sərəncamı ilə gənclər və idman naziri təyin olunmuşdu. O, təkcə idman naziri deyil, həm də bizimlə dost, sirdaş, böyük ürəyə malik insan idi".
Bu fikirləri açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli ötən gün vəfat edən gənclər və idman naziri Azad Rəhimovla bağlı xatirələrini bölüşərkən deyib.
O bildirib ki, mərhum nazir 2008-ci il Pekin olimpiadası zamanı çox həyəcanlı idi: "Yarışdan öncə idmançıları otağına dəvət edərək, hər birimizə uğurlar arzuladı. Həmin vaxt çox böyük motivasiya aldım. İlk sözü o oldu ki, yeni idman naziri təyin olunmuşam, ümidim sizlərədir, məharətinizi göstərin. Söz verdim ki, narahat olmayın. ümidlərinizi doğruldacağam. Hər görüşümdən sonra tatamiyə, paltardəyişmə otağına yaxınlaşırdı. Görürdüm ki, çox həyəcanlıdır. İlk dəfə belə insan görürdüm. Azərbaycan vətəndaşı, ölkəsini sevən bir insan kimi çox stress keçirirdi".
"Dedi ki, sən yarışıb qurtaranadək mən şəkər xəstəsi oldum"
Məmmədli Pekin olimpiadası zamanı Azad Rəhimovla maraqlı dialoqunu da xatırlayıb: "Olimpiya çempionu olandan sonra hamı təbrik etdi. Axşam Azad müəllimlə görüşdük. Məni öpüb-qucaqladı. İndiyədək yadımdadır. Dedi ki, sən yarışıb qurtaranadək mən şəkər xəstəsi oldum. Hər görüşdən sonra medala yaxınlaşdıqca həyəcan artırdı. Mənə dedi ki, olimpiya çempionu olduğun, Azərbaycan bayrağını qaldırdığın üçün çox sağ ol. Həmin olimpiada nazir təyin olunduqdan sonra onun ilk böyük yarışı idi. Cüdo yarışlarında, idman tədbirlərində məni yüksək səviyyədə təqdim edir, mənimlə fəxr etdiyini söyləyirdi. Deyirdi ki, bu yaşımadək belə yarışma, mübarizə görməmişəm".
Elnur Məmmədli
Elnur Məmmədli
Olimpiya çempionunun sözlərinə görə, Azad Rəhimov hər zaman idmançılara dəstək olub: "Daim yanımızda idi. Problemimiz olan kimi onun yanına gedirdik. Hər kəslə yaxından maraqlanırdı. Gözəl ailə başçısı idi. Bu gün onun oğlu Arif Rəhimovun işi göz qabağındadır. İdmana canını qoyur. Ən əsası, vətənpərvər, vətənini sevən, ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya sədaqətli insan idi. Prezidentin idmanla bağlı bütün göstərişlərişlərini yüksək səviyyədə icra edirdi. Beynəlxalq əlaqələri çox güclü idi. Azad müəllim evindən yox, eldən getdi. Təəssüf ki, belə bir nazirimizi itirdik. ABŞ-da olarkən özü ilə olmasa da, nazirliyin Mətbuat katibi Səmayə xanımla, oğlu Arif Rəhimovla əlaqə saxlayıb, vəziyyəti ilə maraqlanırdım. Dua edirdim ki, tez sağalsın. O, dünyasını dəyişəsi adam deyildi. Hələ də ölümünə inanmıram. Allah ailəsinə səbr versin".
"Azad Rəhimov dedi ki, himnimiz Londonda mütləq səslənəcək"
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə əvvəlcə idman ictimaiyyətinə və Azad Rəhimovun ailəsinə başsağlığı verib: "O, həm də Milli Olimpiya Komitəsinin vitse-prezidenti idi. Bundan əvvəl İdman Rəqsləri Federasiyasının rəhbəri vəzifəsində çalışmışdı. Azad Rəhimov böyük ziyalı ailəsində dünyaya gəlmişdi. Babası Azərbaycanın müxtəlif aparıcı vəzifələrində işləyib, atasının tibb sahəsində ciddi nailiyyətləri olub. Azərbaycan idmançıları məhz Azad Rəhimovun fəaliyyəti dövründə Pekin, London və Rio olimpiadasında böyük uğurlar qazanıb. Ölkəmiz 2012-ci ildə "Avroviziya" mahnı müsabiqəsinə, 2015-ci ildə I Avropa Oyunlarına, 2017-ci ildə islam Həmrəyliyi Oyunlarına, 2019-cu ildə Yeniyetmələrin Yay Olimpiya Festivalına ev sahibliyi edib. Bu işlərdə Azad Rəhimov Təşkilat Komitəsində aparıcı simalardan olmuşdu. Peşəkar idarəçiliyi ilə yanaşı, vətənini sevən şəxs idi. Hər dəfə Azərbaycan böyük yarışlarda qızıl medallar qazananda o, emosional hisslər keçirir, həmin duyğuları hamıya ötürürdü".


Abbasov nazirin eyni zamanda gözəl ailə başçısı və baba olduğunu vurğulayıb: "Ailəsinə olan münasibət milli dəyərlərdən irəli gələn məsələdir. Ot öz kökü üstdə bitər. O, öz atasının, babasının davamçısı olaraq, Heydər Əliyevin, cənab Prezidentin siyasətinə sədaqətlə xidmət göstərmiş, öz canını, bütün ömrünü bu işə həsr edib. O, əməkdaşlarına qarşı münasibətdə, onların problemlərinin həllində çox həssas idi. Daim yaşlı nəslin nümayəndələrinin sözlərinə, məsləhətinə qulaq asardı. Bu gün Azad Rəhimov haqqında keçmiş zamanda danışmaq çox ağrılıdır. Amma onun dövründə Azərbaycanda idman yarışlarının bölgələrdə daha çox sayda keçirilməsinə nail olduq. Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayının artırılmasında Azad Rəhimov nümunəvi işlər görüb. Layihələrə maraqlı, dostluğa açıq insan idi. Azad Rəhimov o nazirliyin rəhbəri idi ki, onun qapısında hansısa post, buraxılış məntəqəsi yoxdur. Bu da onu göstərir ki, nazirliyin qapıları daim insanlara, ictimaiyyətə açıqdır. O, Azərbaycanda idman federasiyalarının, medal sayının, kütləviyilin artmasına xüsusi yanaşırdı. Çox tələbkar, eyni zamanda işçilərə həssas münasibəti olan rəhbər idi".
BŞGİBİ-nin rəisi Azad Rəhimovla bağlı bir neçə xatirəsini də bölüşüb: "Xaricdə mötəbər görüş zamanı başqa bir ölkədə olan Azərbaycan nümayəndə heyətinin çətinliklə üzləşdiyini eşidən kimi həmin iclası yarımçıq saxladı. O, bu cür məsələləri telefon vasitəsilə operativ şəkildə həll edən şəxs kimi yadımda qalıb. Nazirin hansısa yarış üçün Azərbaycana ev sahibliyi hüququnun səsverməsindən öncə ölkəmizə qarşı münasibəti o qədər də isti olmayan dövlətlərin nümayəndə heyətləri ilə emosional danışığının şahidi olmuşam. Orada işlətdiyi fikirlər yaxşı yadımdadır. Demişdi ki, Azərbaycanın ev sahibliyi etdiyi yarışı gəlib izləyəndə, görəcəksiniz ki, biz bunu sizdən də yaxşı edə bilərik. London olimpiadasının sonuncu günü idi. Bəlkə də başqa rəhbər həmin anda fərqli ifadələr işlədərdi. Amma Azad Rəhimov idmançılara və nümayəndə heyətinə dedi ki, himnimiz Londonda mütləq səslənəcək, mən buna bütün varlığımla inanıram. Həqiqətən də sonuncu gündə 2 qızıl medalımız oldu. Medal əyarına görə ölkə sıralamasında yüksək nəticə göstərdik. Belə hallar çox idi. Fərdi görüşlərdə hər zaman prinsipial mövqe nümayiş etdirməsi, Azərbaycanın maraqlarını müdafiə etməsi onun dövlətə, Vətənə, ölkə prezidentinə bağlılığının göstəricisidir".
İlham Zəkiyev
İlham Zəkiyev
"Heç vaxt özünü nazir kimi aparmırdı"
Azərbaycanın cüdo üzrə ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev də mərhum nazirin idmançılarla yaxın dost olduğunu xatırladıb: "Gözəl, zarafatcıl insan idi. Allah rəhmət etsin. Ailəsinə, idman ictimaiyyətinə səbr diləyirəm. Demək olar ki, dostumuzu itirdik. Onun ölümü hamıya çox pis təsir etdi. Ona görə də hazırda hansısa maraqlı bir hadisə, əhvalat yadıma düşmür. Azad müəllimlə bağlı ancaq xoş xatirələr qaldı. Mənimlə xüsusi zarafatı var idi. Həmişə görüşəndə deyirdi ki, İlham, necəsən, mənəm, Azaddır. Heç vaxt özünü nazir kimi aparmırdı. Hamı ilə mehriban idi. Elə bir idmançı tanımıram ki, ondan narazı olsun. Hər kəsə diqqətlə, qayğı ilə yanaşır, problemləri dinləyir, hamısını həll etməyə çalışırdı. İnsani keyfiyyətləri çox yüksək idi. İdmançılara nazir yox, dost kimi yanaşırdı".
Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Daşkəsən Rayon Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətiriləcək - YENİLƏNİBQırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəliblərPrezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzalayıbAzərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili barədə yeni qərarMövlud Çavuşoğlu: “Azad Rəhimovun vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladım”Elnur Məmmədli: "Azad Rəhimov evdən yox, eldən getdi" - XATİRƏLƏR"Polisəm" deyib qadınları şantaj edən kişi saxlanılıb“Google”da “Bayraktar TB2” barədə məlumatları ən çox ermənilər axtarırMüəllimlərin iş yerinin dəyişdirilməsinə başlanılırDTX rəisi Gürcüstanda rəsmi səfərdə olubXİN-də struktur dəyişikliyi olub, nazir müavininin səlahiyyətləri artırılıb - EKSKLÜZİVDYP sürücülərə müraciət edibLerikdəki qətlin üstü hələ açılmayıb - RƏSMİAbşeronda toy keçirilən restoran sahibi və 65 nəfər cərimələnibAlimpaşa Məmmədov 3 milyon manatlıq şirkəti öz oğluna 40 manata satıbAlimpaşa Məmmədovun mənimsədiyi vəsaitlər açıqlanıbŞəmkirin sabiq icra başçısı Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunurHindistanda rekord sayda COVID-19 xəstəsi aşkarlanıbMəktəb direktoru koronavirusdan vəfat edibAAYDA-nın zavodunda fəhlə faciəvi şəkildə ölübDTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı